TEXNİKİ TƏNZİMLƏMƏ SİSTEMİ: İQTİSADİ TƏSİR EFFEKTLƏRİ VƏ PERSPEKTİV İNKİŞAF MEYİLLƏRİ

Xülasə

Qlobal çağırışların təsiri nəticəsində iqtisadi inkişafa təkan vərən müasir alət və vasitələr sırasında yer alan texniki tənzimləmə sisteminin rolu və əhəmiyyəti daha da artmaqdadır. Reallıq belədir ki, səmərəli texniki tənzimləmə tarif tənzimləməsindən daha çox həcmdə ÜDM-in artımını təmin edir. Bunu nəzərə alaraq, aparıcı inkişaf etmiş dövlətlər özünün texniki tənzimləmə institutunu yaradır, optimallaşdıraraq inkişaf etdirirlər. Texniki tənzimləmə institutunun Azərbaycan Respublikasında da qəti formalaşdırılması bir dövlət prioriteti olaraq qarşıda durur. Bu istiqamətdə müvafiq normativ-hüquqi bazanın yaradılmasına baxmayaraq, ayrı-ayrı sahələrdə bir tənzimləyici mexanizm olan texniki reqlamentlərin də hazırlanması mərhələsinə geniş keçid edilməlidir. Bütün bunları əsas götürərək, məqalədə texniki tənzimləmə institutunun mahiyyətinin, keyfiyyət xarakteristikasının verilməsi, bu sferada xarici ölkələrin qanunvericilik təcrübəsinin tədqiqi, həmçinin Azərbaycanda da texniki tənzimləmənin institusional sisteminin müasir vəziyyətinin qiymətləndirilməsi istiqamətində təhlil və araşdırmalar öz əksini tapmış və müvafiq təkliflər irəli sürülmüşdür.