Əlyazmaların qiymətləndirilməsi və rəy prosesi
Jurnala təqdim olunan bütün məqalələri nəşrdən əvvəl ikiqat anonim rəyçilik prosesindən keçir. Hər bir məqalə müvafiq elmi ixtisasa malik ən azı iki müstəqil rəyçi tərəfindən qiymətləndirilir. Rəyçilər elmi ixtisaslarına uyğun seçilir və müəlliflərlə və ya təqdim olunmuş məqalə ilə maraqlar toqquşmasına malik olmamalıdır. Nəşr haqqında yekun qərar rəyçilərin rəyləri və jurnalın redaksiya standartları əsasında Baş redaktor və ya səlahiyyətli redaktor tərəfindən qəbul edilir. Jurnal təqdim olunan məqalənin qəbul edilməsinə və ya konkret müddətdə nəşr olunmasına zəmanət vermir.
1. İlkin redaksiya qiymətləndirməsi
Müəllif(lər) tərəfindən təqdim olunan əlyazma ilk mərhələdə redaksiya tərəfindən jurnalın məqsəd və əhatə dairəsinə, müəlliflər üçün müəyyən edilmiş texniki və formal tələblərə uyğunluğu baxımından qiymətləndirilir.
İlkin yoxlama zamanı əlyazmanın orijinallığı, akademik dürüstlük prinsiplərinə uyğunluğu, plagiat və əhəmiyyətli mətn oxşarlığının olub-olmaması, həmçinin məqalənin daha əvvəl dərc edilib-edilmədiyi və ya eyni vaxtda başqa jurnala təqdim olunub-olunmadığı araşdırılır. Zərurət olduqda, bu məqsədlə müvafiq plagiat və mətn oxşarlığının müəyyənləşdirilməsi vasitələrindən istifadə edilir.
Jurnalın tematik istiqamətinə və ya əsas müəllif tələblərinə uyğun gəlməyən, elmi nəşr üçün kifayət qədər əsaslandırılmamış, plagiat və ya digər akademik və nəşr etikası pozuntuları ehtiva edən əlyazmalar rəy prosesinə göndərilmədən redaksiya tərəfindən rədd edilə bilər.
2. Müstəqil elmi rəy
İlkin redaksiya qiymətləndirməsindən uğurla keçən əlyazmalar müstəqil və ixtisaslaşmış rəyçilərə göndərilir. Rəyçilər əlyazmanın mövzusuna uyğun elmi ekspertizaya malik mütəxəssislər arasından seçilir.
Jurnal iki müstəqil rəyçinin rəyindən istifadə edir. Rəy prosesi ikitərəfli anonim (double-blind) rəy prinsipi əsasında həyata keçirilir. Bu halda rəyçilər müəllif(lər)in, müəllif(lər) isə rəyçilərin kimliyindən məlumatlı olmurlar.
Rəyçilərdən əlyazmanı obyektiv, qərəzsiz və əsaslandırılmış şəkildə qiymətləndirmələri, həmçinin mümkün maraqlar toqquşmasını əvvəlcədən redaktora bildirmələri tələb olunur. Maraqlar toqquşması olan şəxslər rəyçi kimi təyin edilmir.
3. Rəy zamanı qiymətləndirilən əsas meyarlar
Rəyçilər əlyazmanı, əsasən, aşağıdakı meyarlar üzrə qiymətləndirirlər:
* tədqiqat mövzusunun aktuallığı və elmi əhəmiyyəti;
* tədqiqatın elmi yeniliyi və müəllif(lər)in sahəyə töhfəsi;
* tədqiqat probleminin və məqsədinin aydın müəyyənləşdirilməsi;
* nəzəri və metodoloji əsaslandırmanın adekvatlığı;
* istifadə olunan metodların tədqiqat məqsədlərinə uyğunluğu;
* məlumatların və nəticələrin etibarlılığı;
* nəticələrin təhlilinin məntiqi və əsaslandırılmış olması;
* nəticə və qənaətlərin tədqiqatın məqsəd və nəticələrinə uyğunluğu;
* elmi mənbələrdən düzgün və adekvat istifadə;
* məqalənin strukturunun, akademik üslubunun və təqdimatının keyfiyyəti;
* mümkün etik və ya akademik dürüstlük problemləri.
Rəyçilər, həmçinin, əlyazmada plagiat, təkrar nəşr, məlumatların saxtalaşdırılması və ya uydurulması, etik tələblərin pozulması və digər mümkün nəşr etikası problemləri barədə redaktoru məlumatlandırmalıdırlar.
4. Redaksiya qərarı
Rəyçilərin təqdim etdiyi əsaslandırılmış rəylər redaktor tərəfindən nəzərdən keçirilir və yekun redaksiya qərarı qəbul edilir. Rəyçilərin rəyi redaktor üçün mühüm elmi əsas olmaqla yanaşı, yekun nəşr qərarı redaktorun və jurnalın redaksiya siyasətinin məsuliyyəti çərçivəsində qəbul edilir.
Əlyazma ilə bağlı aşağıdakı qərarlardan biri verilə bilər:
Qəbul – əlyazma nəşrə qəbul edilir;
Kiçik düzəlişlərlə qəbul – müəllif(lər)dən müəyyən düzəlişlərin aparılması tələb olunur;
Əsaslı düzəliş və yenidən rəy – müəllif(lər)dən rəyçilərin iradları əsasında əlyazmanı yenidən işləmək və təqdim olunan hər bir əsas irada əsaslandırılmış cavab vermək tələb olunur;
Rədd – əlyazma elmi keyfiyyət, metodoloji əsaslandırma, jurnalın tematik istiqaməti, akademik dürüstlük və ya digər əsas meyarlara cavab vermədikdə nəşrə qəbul edilmir.
5. Rəyçilər arasında fikir ayrılığı
İki rəyçinin rəyləri arasında əhəmiyyətli fikir ayrılığı yarandıqda, redaktor mövcud rəylərin məzmununu və əsaslandırılma səviyyəsini nəzərə alaraq üçüncü müstəqil rəyçinin rəyinə müraciət edə bilər. Üçüncü rəyçinin cəlb edilməsi zəruri hesab edilmədikdə, redaktor mövcud rəylər və öz elmi qiymətləndirməsi əsasında qərar qəbul edə bilər.
6. Düzəliş edilmiş əlyazmalar
Müəllif(lər)dən düzəliş tələb olunduğu halda, onlar rəyçilərin iradlarına cavab verməli və əlyazmada edilmiş dəyişiklikləri aydın şəkildə göstərməlidirlər. Redaktor zəruri hesab etdikdə, düzəliş edilmiş əlyazmanı ilkin rəyçilərə və ya digər müstəqil rəyçilərə təkrar qiymətləndirmə üçün göndərə bilər.
7. Rəy prosesinin müddəti
Redaksiya əlyazmaların ilkin qiymətləndirilməsi və rəy prosesinin mümkün qədər operativ həyata keçirilməsinə çalışır. İlkin yoxlama və rəy müddəti rəyçilərin ekspertiza müddətindən, əlyazmanın xüsusiyyətlərindən, tələb olunan düzəlişlərin həcmindən və təkrar rəyin zəruriliyindən asılı olaraq dəyişə bilər. Redaksiyanın statistikası göstərir ki, əlyazmanın təqdim edilməsindən nəşrə qədər olan bütün müddət orta hesabla 90 gündür.
Rəy prosesi zamanı müəllif(lər)in və rəyçilərin məxfiliyi qorunur. Jurnal rəy prosesinin müstəqilliyini, obyektivliyini, akademik dürüstlüyünü və maraqlar toqquşmasının qarşısının alınmasını təmin etməyə çalışır.
8.Maraqların Toqquşması
Müəlliflər, redaktorlar və rəyçilər tədqiqatın, rəyçilik prosesinin və ya redaksiya qərarının obyektivliyinə təsir göstərə biləcək maliyyə, institusional, peşəkar və ya şəxsi münasibətləri açıqlamalıdırlar.
Maraqlar toqquşması mövcud olduqda redaktor və ya rəyçi məqalənin qiymətləndirilməsindən kənarlaşdırılmalıdır.