Müəlliflər üçün təlimat

Müəlliflərin nəzərinə!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İqtisadi islahatlar” elmi-analitik jurnalında dərc edilmək üçün məqalə təqdim olunarkən qoyulan tələblər aşağıdakılardan ibarətdir:

  • “İqtisadi islahatlar” elmi-analitik jurnalına təqdim olunan məqalələrin strukturu ümumi qəbul olunmuş standartlara və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi tələblərə uyğun olmalıdır;
  • məqalə orijinal elmi tədqiqata əsaslanmalı, konkret elmi problem, əsaslandırılmış metodologiya, etibarlı məlumat mənbələri və müəllif(lər)in müstəqil empirik təhlilini əks etdirməlidir;
  • məqalə aydın tədqiqat problemini, metodologiyanı, elmi əsaslandırmanı və nəticələri əks etdirməlidir. Məqalənin elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti aydın şəkildə göstərilməli, istifadə olunan məlumat və metodların şəffaflığı və yoxlanıla bilməsi təmin edilməlidir;
  • məqalələr akademik dürüstlük və nəşr etikası prinsiplərinə uyğun hazırlanmalı, uydurma və ya saxtalaşdırılmış məlumatlardan, nəticələrdən və istinadlardan istifadə edilməməlidir;
  • süni intellekt (Sİ) alətləri məqalənin müəllif(lər)inin elmi düşüncəsini, müstəqil təhlilini, interpretasiyasını və nəticələrini əvəz etməməlidir. AI tərəfindən hazırlanmış mətnin, elmi təhlilin və nəticələrin müəllif(lər)in öz elmi işi kimi təqdim edilməsinə yol verilmir;
  • Sİ alətlərindən tərcümə, dil və texniki redaktə, qrafik və vizual materialların hazırlanmasına yardım məqsədilə istifadə edilə bilər. Sİ-dan məqalənin məzmununa və ya elmi nəticələrinə əhəmiyyətli təsir göstərən şəkildə istifadə edildikdə, bu barədə müvafiq məlumat təqdim edilməlidir;
  • Sİ alətlərindən tədqiqat prosesində, o cümlədən məlumatların emalı və təhlili, kodlaşdırma və digər metodoloji məqsədlərlə istifadə edildikdə, həmin istifadə metodologiya bölməsində müvafiq qaydada açıqlanmalıdır;
  • Jurnala təqdim olunan məqalə orijinal elmi tədqiqat nəticələrini əks etdirməli və başqa jurnal tərəfindən nəşr və ya qiymətləndirmə üçün nəzərdən keçirilməməlidir;
  • məqalənin adı 12 sözdən çox olmamaldır (Müəllif(lər)in adı, ata adı, soyadı, elmi dərəcəsi və elmi adı, işlədiyi təşkilatın adı, vəzifəsi, ORCID nömrəsi, elektron poçt ünvanı və telefon nömrələri ardıcıllıqla göstərilir);
  • Müəlliflik tədqiqatın konsepsiyasına, aparılmasına, məlumatların təhlilinə, nəticələrin şərhinə və ya məqalənin hazırlanmasına əhəmiyyətli töhfə vermiş şəxslərlə məhdudlaşdırılmalıdır. Məqalədə göstərilən bütün müəlliflər məqalənin son variantını təsdiq etməli və onun nəşrə təqdim edilməsinə razılıq verməlidirlər. Müəlliflik meyarlarına cavab verməyən şəxslər müəllif kimi göstərilməməli, zəruri hallarda təşəkkür bölməsində qeyd edilməlidir;
  • Məqalənin xülasəsi 250 sözdən ibarət olmalı və 10 ölçülü Times New Roman şriftində yazılmalıdır. Xülasə tədqiqatın əsas məqamlarını tam şəkildə əhatə etməli, təqdim olunan məlumatlar dəqiq və yığcam olmalıdır. Eyni zamanda, xülasədə tədqiqatın əsas məqsədi, məzmunu və nəticələri öz əksini tapmalıdır;
  • müəllif məqalədə istifadə edilən ən mühüm mövzuları və ya çərçivələri göstərən  4-6 açar sözün siyahısını və JEL kodunu təqdim etməlidir;
  • giriş (tədqiq olunan mövzunun aktuallığı, öyrənilmə səviyyəsi, tədqiqatın hipotezası, araşdırmanın məqsədi göstərilir), tədqiqatın metodları, problemin təhlili, nəticə bölmələri, həmçinin mətndə istinadlar göstərilməklə istifadə olunmuş ədəbiyyat siyahısı verilməlidir;
  • məqalənin sonunda elm sahəsinin və məqalənin məzmununa uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticənin, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsinin və s. aydın şəkildə verilməlidir;
  • bütün riyazi formulalar açıq şəkildə qeyd edilməli və məqalənin əvvəlindən ardıcıl nömrələnməlidir. Onlar sadəcə (1), (2), (3) kimi nömrələnməlidir;
  • cədvəllər və şəkillər məqalənin başlanğıcından etibarən ardıcıl ərəb rəqəmləri ilə nömrələnməlidir. Nömrələr cədvəllər və ya şəkillər mətnlərdə göründüyü sıraya əsasən təyin edilməli və qalın şriftlə soldan düzülmüş şəkildə olmalıdır. Bütün cədvəllər və şəkillərin başlığı olmalıdır;
  • jurnalda təqdim olunan orijinal elmi-tədqiqat məqalələri (Original Research Article), icmal məqalələri (Review Article) və keys tədqiqatları (Case Study) üçün məqalənin həcmi minimum 3500 söz, maksimum isə 8000 söz təşkil etməlidir. Qısa elmi məlumatlar (Short Communication) üçün məqalənin həcmi maksimum 3 000 söz, kitab icmalları (Book Review) üçün isə maksimum 2 000 söz olmalıdır. Məqalə A4 formatında (210 mm × 297 mm) hazırlanmalı və WORD proqramında, sətirlərarası interval 1 (single) olmaqla, Times New Roman şriftində, 12 ölçüdə yazılmalıdır. Səhifənin bütün kənarlarından 2,5 sm məsafə saxlanılmalı və paraqraflar soldan düzülüşlə formatlaşdırılmalıdır.;
  • Özünə istinadlar yalnız məqalənin elmi məzmunu və tədqiqatın davamlılığı baxımından əsaslandırıldığı hallarda istifadə edilməlidir. İstinadların sayı və seçimi elmi zərurət və ədəbiyyatın obyektiv əhatəliliyi prinsiplərinə uyğun olmalıdır.. Bu qaydanın pozulması aşkar olunarsa məqalə rəyə göndərilmədən geri qaytarılacaqdır;
  • Müəlliflər ədəbiyyat siyahısına yalnız məqalənin mövzusuna və elmi məqsədinə uyğun, etibarlı və zəruri mənbələri daxil etməlidirlər. Jurnalın əvvəlki saylarında dərc olunmuş məqalələrə istinad yalnız onların tədqiqat üçün elmi baxımdan uyğun və zəruri olduğu hallarda verilməlidir;
  • Məqalələrdə istinadlar APA 7-ci nəşrin qaydalarına uyğun olaraq formatlaşdırılmalıdır. Azərbaycan dilində təqdim olunan məqalələrdə istinadlar və ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AАК) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”inə uyğun hazırlanmalıdır;
  • mətndə istinad edilən hər bir mənbənin ədəbiyyat siyahısında, ədəbiyyat siyahısında göstərilən hər bir mənbənin isə mətn daxilində istinadının olduğundan əmin olunmalıdır. Dərc olunmamış nəticələrə və şəxsi yazışmalara istinad edilməsi tövsiyə edilmir. Lakin zəruri hallarda bu məlumatlar mətn daxilində qeyd edilə bilər;
  • istifadə edilmiş ədəbiyyat siyahısında əsasən son 10 ildə nəşr edilmiş elmi məqalələrə, monoqrafiyalara və digər etibarlı elmi mənbələrə, istinadlara üstünlüyün verilməsilidir;
  • Məqalənin sonunda, ədəbiyyat siyahısından sonra, ingilis dilində xülasə verilməlidir. Xülasənin rus dilində də təqdim edilməsi tövsiyə olunur. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Həmçinin, hər bir xülasənin yazıldığı dildə müvafiq açar sözlər təqdim edilməlidir;
  • məqalə jurnal tərəfindən müəyyən edilmiş iki rəyçinin müsbət rəyi əsasında çapa təqdim oluna bilər. Rəyçilərdən birinin rəyi müsbət, digərinin rəyi mənfi olduğu halda, məqalə yekun qərarın verilməsi məqsədilə üçüncü rəyçiyə təqdim edilə bilər;
  • “İqtisadi İslahatlar” elmi-analitik jurnalının bir sayında eyni müəllifin iki məqaləsi dərc oluna bilməz;
  • məqalələr üç dildə - azərbaycan, ingilis və rus dillərində çap oluna bilər;
  • daha öncə nəşr olunmuş məqalələr təkrarən çap olunmur. Plagiat, məlumatların saxtalaşdırılması və ya təhrif edilməsi, təkrar nəşr və eyni məqalənin paralel olaraq bir neçə jurnala təqdim edilməsi yolverilməzdir;
  • müəllif(lər) məqalənin bütün məzmununa, məlumatların düzgünlüyünə, istinadların etibarlılığına və elmi nəticələrin əsaslandırılmasına tam məsuliyyət daşıyır;
  • Məqalədə müəlliflik, institusional mənsubiyyət, maliyyələşdirmə və maraqlar toqquşması barədə düzgün məlumat göstərilməlidir;
  • bu tələblərə cavab verməyən məqalələr dərc edilmir və məqalələrin əlyazmaları geri qaytarılmır;
  • “İqtisadi islahatlar” elmi-analitik jurnalı Creative Commons Attribution-NonCommercial 4.0 International License (CC BY-NC 4.0) əsasında lisenziyalaşdırılır. Məqalələr jurnalın rəyə verilmə, müəlliflik, müəlliflik hüququ, açıq giriş və nəşr etikası siyasətlərinə uyğun olaraq qiymətləndirilir.

Aşağıdakı struktur qəbul edilir
1. Məqalənin adı.
2. Müəllif(lər)in adı və soyadı.
3. Mənsubiyyət.
4. Məqalənin xülasəsi
5. Açar sözlər (Başlıqda istifadə olunan sözlərin açar sözlər kimi təkrarlanmamasını tövsiyə edirik.)
6. JEL Təsnifatı
7. Elmi məqalənin mətninin əsas hissəsinə aşağıdakılar daxil olmalıdır:
- tədqiqatın məqsədi və fərziyyəsini əks etdirən giriş;
- ədəbiyyat icmalı;
- metodologiya bölməsi;
- nəticələr,
- müzakirə,
- nəticə (qənaətlər) 
- ədəbiyyat.

8. Məqalənin sonunda aşağıdakı məlumatlar əksini tapmalıdır:
- Minnətdarlıq (əgər varsa);
- Maraqların toqquşması haqqında bəyanat;
- Maliyyələşdirmə haqqında məlumat;
- Məlumatların əlçatanlığı haqqında bəyanat.

9.Jurnalın elmi səviyyəsinə, akademik dürüstlük və nəşr etikası prinsiplərinə cavab verməyən, kifayət qədər əsaslandırılmış empirik təhlil ehtiva etməyən və ya müəllifin müstəqil elmi töhfəsini əks etdirməyən məqalələr redaksiya tərəfindən nəşrə qəbul edilmir.