MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏNİN DÖVLƏT İDARƏÇİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ ROLU

Xülasə

Monitorinq və qiymətləndirmə institutları dövlət tərəfindən təqdim olunan xidmətlərin, həmçinin həyata keçirilən sosial-iqtisadi siyasətin kəmiyyətini, keyfiyyətini ölçərək hədəflərə nə dərəcədə nail olunduğunu ortaya çıxarır. Bu institutlar həm də yaxşı və zəif performansın səbəblərinin anlaşılmasını asanlaşdırmağa yardımçı olan əsas vasitələrdən biridir. Monitorinq və qiymətləndirmə fəaliyyətinin dövlət idarəetməsində performansın artımına hansı formada müsbət təsir göstərməsini ilk mərhələdə icra prosesində olan proqram yenidən nəzərdən keçirilir, kənarlaşmalar müəyyən edildiyində müşahidə edə bilərik. Bundan sonra proqram həyata keçirilməsi üçün siyasət yenidən təkmilləşdirilir və planlaşdırma həyata keçirilir. Təkmilləşdirilmiş siyasət əsasında büdcə planlaşdırması aparılır. Proqram üzrə nəzərdə tutulan tədbirlər icra olunur və idarəetmə təmin edilir. Bundan əvvəlki mərhələdə davamlı olaraq fəaliyyətin monitorinqi və xərc hesabatlılığı aparılır. Tsiklin yekun mərhələsində monitorinq zamanı müəyyən edilən məlumatlar əsasında qiymətləndirmə aparılır. Bu proseslər yekunlaşdıqdan sonra yenidən siyasətə baxılır və təkmilləşdirmə üçün işlər həyata keçirilir. Bu proses proqram tam icra olunub bitənə qədər aparılır və proqramın davamlılığı təmin olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət idarəetməsinin rəqəmsallaşdırılmasına elektron monitorinq portalı ilə töhfə verir, MQ prosesində ən son innovativ və rəqəmsal həlləri tətbiq edir.