BANK SEKTORUNDA STRATEJİ İNKİŞAF TRENDLƏRİ

Xülasə

2015-ci ildə baş vermiş ardıcıl iki devalvasiya ölkənin bank sektorunda ciddi çağırışlar formalaşdırdı. Qeyri-işlək kreditlərin 3 dəfəyə yaxın artması, depozit və əmanətlərin azalması fonunda bank sektorunda strateji inkişaf proqramları icra edildi. Bunun nəticəsi olaraq 2020-ci ildə sektorda qeyri-işlək kreditlərin 6,1 %-ə qədər azalması, dedollarizasiya proseslərinin güclənməsi müşahidə edildi. Bununla yanaşı, 2020-ci ildə Azərbaycanın bank sektoru üçün ən böyük təhdidlərdən biri pandemiyanın yaratdığı yeni risklərdir.

2014-cü ilin sonlarından etibarən dünya və ölkə iqtisadiyyatında baş verən proseslər, ölkədə milli valyutanın məzənnəsinin ucuzlaşması maliyyə-bank sisteminə əhəmiyyətli dərəcədə mənfi təsir etmiş, bir sıra bankların bağlanmasına, həmçinin xarici valyutada götürülmüş kreditlərin qaytarılmasında problemlərin yaranmasına səbəb olmuşdur. 2020-ci ildə isə Azərbaycan özünün maliyyə sabitliyi siyasətini pandemiyanın təsiri ilə dünya iqtisadiyyatında resessiya, əhəmiyyətli qlobal risklərin artması, dünya maliyyə və əmtəə bazarlarında qeyri-sabitlik, əlavə olaraq regionda siyasi gərginliklərin artması şəraitində həyata keçirmişdir. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik bərpa edilmiş, maliyyə-bank sisteminin dayanıqlılığının artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuş, ümumi iqtisadi artımın ressesiv zonadan çıxması fonunda bank sektorunda müşahidə olunan sabitləşmə meyilləri mötədil iqtisadi aktivliklə əvəz olunmuşdur. Son 10 ildə ölkənin strateji valyuta ehtiyatları 2 dəfəyə yaxın artaraq 49,1 milyard ABŞ dollarına çatmış, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 6,4 milyard ABŞ dolları təşkil etmişdir. Pandemiyanın təsiri ilə 2020-ci ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar ilin ikinci yarımilindən etibarən stabilləşmiş, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan kənarlaşmışdır. Cari dövr ərzində əldə olunmuş nailiyyətlərə baxmayaraq, bank sektorunda qismən də olsa müəyyən risk, çağırış və inkişaf potensialları qalmaqdadır. Xüsusilə qeyd etməliyik ki, makroiqtisadi qeyri-müəyyənliklərin davam etməsi səbəbindən ölkə bankları böhrandan əvvəlki inkişaf səviyyəsini tam olaraq bərpa edə bilməmişdirlər.