Bu tədqiqatın əsas məqsədi, Azərbaycanda ixracata əsaslanan böyümə modelinin tədqiq edilməsidir. Bu məqsədlə 2001-2023 illərini əhatə edən rüblük verilənlərə əsasən ixracın böyümə üzərindəki təsiri, “vector error correction” model və səbəbiyyət testi ilə test edilmişdir.
Hidrokarbogen ehtiyatlarına malik Azərbaycanın ixrac etdiyi enerji resursunun əhəmiyyətli hissəsi qeyri-MDB ölkələrinə, qeyri-resurs məhsullarının mühüm hissəsi isə MDB bazarlarına yönəlir. Bu tədqiqatda sözügedən bazarlar ilə iqtisadi böyümə arasında VECM əsasında Granger səbəbiyyət testini etməklə “İxracata əsaslanan böyümə modeli” hipotezinin mövcud vəziyyəti tədqiq edilir.
Tədqiqatda qeyd edilən analizlərin edilməsi üçün ÜDM, MDB ölkələrinə ixrac və həmin ölkələrdən idxal, həmçinin qeyri-MDB ölkələrinə ixrac və həmin ölkələrdən idxal ilə yanaşı Azərbaycanın sənaye istehsal həcmini göstərən dəyişənlər istifadə edilmişdir. Araşdırmadan hasil olan tapıntılara görə əldə edilən nəticələr bu şəkildədir: Ⅰ) Dəyişənlər arasında Johansen kointeqrasiya testi edilmiş və uzunmüddətli əlaqə aşkar edilmişdir. Ⅱ) Dəyişənlər arasında VECM əsasında edilən Granger səbəbiyyət testinə görə qeyri-MDB ölkələrinə ixrac ilə ÜDM arasında ikitərəfli səbəbiyyət aşkar edilmişdir. MDB ölkələrinə ixracdan ÜDM-ə doğru səbəbiyyət aşkar edilməməsinə baxmayaraq, ÜDM-dən MDB ölkələrinə ixraca doğru səbəbiyyət əlaqəsinin olduğu müəyyən edilmişdir. Hər iki testin nəticəsinə görə qeyri-MDB bazarlarına ixrac timsalında “Export-led growth” hipotezi qəbul edilmiş, MDB ölkələri timsalında isə edilməmişdir.