Tədqiqatın məqsədi ölkədə önəmli demoqrafik göstəricilərdən biri olan nəsilvermə əmsalı və gəlir arasında asılılığın araşdırılmasından ibarətdir. Azərbaycanda ailə gəlirləri, ailənin hər hansı əlavə gəlir qaynağının olması doğum qərarına təsirinin mövcudluğunu təhlil etmək məqsədilə evli insanlar arasında müəllif tərəfindən sorğu keçirilmişdir. Survey Monkey platforması vasitəsilə aparılmış sorğunun təhlili zamanı SPSS proqram paketindən istifadə olunmuşdur. İki kateqorik dəyişən arasında asılılığın təhlili üçün xi-kvadrat testindən istifadə edilmişdir.
Fərqli tədqiqatçılar tərəfindən nəsilvermə tədqiqatlarına dair ədəbiyyatda istifadə edilən keyfiyyət-kəmiyyət yanaşması Azərbaycanda daha əvvəl heç bir elmi araşdırmada müzakirə edilməmişdir. Əhali artımının iqtisadi inkişafa təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılsa da mikro səviyyədə ailələrin uşaq sahibi olma qərarına təsir edən amillərin araşdırılması tədqiqatın yeniliyini göstərir. Təklif edilir ki, ölkələrin inkişaf strategiyası konkret regional və milli demoqrafik kontekstlər və tendensiyalar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.