Ulu öndər Heydər Əliyev iki dəfə - sovet dönəmi və müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin sükanı arxasına keçərək mühüm mərhələ dəyişikliyi etməyə müvəffəq olmuşdur. Hər iki halda bütün resursların səfərbərliyi – mobilizasiya və transformasiya kimi tarixi missiyalar uğurla yerinə yetirilmişdir. Əgər Heydər Əliyev sovet dövründə Azərbaycan iqtisadiyyatını üçüncü sənaye inqilabının tələblərinə uyğun reformat etməyi bacarmışdısa, müstəqilliyin ilk illərində tənəzzülə uğrayan iqtisadiyyatı həm bazar relsləri üzərinə keçirmək, həm də uğurlu neft və nəqliyyat-logistika strategiyası həyata keçirməklə iqtisadi təhlükəsizliyi təmin etməyə nail olmuşdur. Müasir dövrdə Azərbaycan iqtisadiyyatının dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi, habelə milli dövlətçiliyin, ictimai rifahın və güclü ordunun maddi əsası kimi çıxış etməsi Heydər Əliyev siyasətinin uğurudur.