Bu məqalə Azərbaycanda nikah, boşanma və ailə qurma kimi fundamental demoqrafik proseslərə fərdi yanaşmaları, xüsusilə də subyektiv maddi rifah və həyat məmnunluğu göstəricilərinin nikah və boşanma ilə bağlı münasibətlərlə əlaqəsini təsviri şəkildə araşdırır. Ölkədə boşanma nisbətində müşahidə olunan artım tendensiyası və demoqrafik artım dinamikasının yavaşlaması məsələnin tədqiqi əhəmiyyətini artırır. Fərdi səviyyədə məlumat bazasının olmaması səbəbindən təhlil anonim onlayn sorğu vasitəsilə toplanmış birinci əl məlumatlara əsaslanır. Tədqiqatın nəticələri göstərir ki, fərdlərin maddi vəziyyətdən və ümumi həyatdan daha yüksək məmnunluğun boşanma barədə daha az düşünmə tezliyi ilə əlaqəli olduğunu göstərir. Cəmiyyətdə ailə qurmağın mütləq bir sosial norma kimi qəbul edilməsi meyllərinin zəifləməsi və fərdi rifahın prioritetə çevrilməsi Qərb ölkələri üçün xarakterik olan “İkinci Demoqrafik Keçid” nəzəriyyəsi çərçivəsində izah edilir. Bundan əlavə, tədqiqatda ailə dinamikasında müşahidə olunan gender fərqlilikləri – aşağı maddi məmnunluq kateqoriyalarında qadın respondentlərin boşanma barədə daha tez-tez düşündüklərini bildirməsi – və fərdin maddi məmnuniyyəti ilə boşanma riski arasındakı mənfi istiqamətli təsviri əlaqə xüsusi olaraq diqqətə çatdırılır. Əldə edilən tapıntılar bu əlaqələrin daha reprezentativ nümunələr və inferensial metodlarla araşdırılması üçün ilkin empirik əsas yaradır. Nəticələr onlayn seçmə əsasında yığılan sorğu məlumatlarına əsasən əldə edildiyindən Azərbaycan üzrə birbaşa ümumiləşdirmə məqsədəuyğun olmasa da cari vəziyyətlə bağlı ümumi təsəvvür yaranması baxımından əhəmiyyətlidir.