Bu tədqiqatda Azərbaycanda işsizlik səviyyəsinin iqtisadi artıma və fərdi gəlirlərə təsiri makroiqtisadi yanaşmalar əsasında araşdırılmışdır. Mövzu ölkənin iqtisadi inkişaf strategiyasında məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi nəzəriyyədə işsizliklə iqtisadi artım arasındakı qarşılıqlı asılılıq Okun qanunu və digər makroiqtisadi modellərlə izah edilir. Bu tədqiqat da məhz həmin konseptual yanaşmaları tətbiq etməklə Azərbaycanın uzunmüddətli empirik məlumatları əsasında məsələni qiymətləndirməyə çalışır.Araşdırmanın məlumat bazasını 1990–2023-cü illər üzrə Azərbaycanın işsizlik göstəriciləri və 2017-ci ilin beynəlxalq qiymətləri ilə ABŞ dolları ifadəsində ölçülmüş adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) təşkil etmişdir. Analizlərdə əsasən ekonometrik modelləşdirmə üsullarından istifadə olunmuş, xüsusilə işsizliyin dalğa effekti və onun iqtisadi fəaliyyətə təsir mexanizmləri təhlil edilmişdir. Əldə edilən nəticələr göstərir ki, işsizlik səviyyəsinin artması iqtisadi fəaliyyətin zəifləməsinə, gəlirlərin azalmasına və nəticə etibarilə adambaşına düşən ÜDM-in aşağı enməsinə səbəb olur. Modelləşdirmə nəticələrinə görə, işsizlik dərəcəsinin 1 faizlik azalması bir il ərzində adambaşına düşən ÜDM-in təxminən 0,336 faiz artımına gətirib çıxarır. Bu fakt işsizliyin azaldılmasının iqtisadi artım üçün mühüm stimullaşdırıcı rol oynadığını təsdiqləyir. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycanda işsizlik və adambaşına düşən ÜDM arasındakı əlaqə uzunmüddətli dövr (1990–2023) üzrə sistemli şəkildə qiymətləndirilmiş və Okun qanunu çərçivəsində empirik təsdiq olunmuşdur. Əldə olunan nəticələr ölkənin iqtisadi siyasəti üçün praktik əhəmiyyət kəsb edir və məşğulluq səviyyəsinin artırılmasının makroiqtisadi sabitlik, sosial rifah və davamlı inkişafın təmin olunmasında strateji əhəmiyyətini vurğulayır.