Dayanıqlı inkişaf konsepsiyası iqtisadi, sosial və ekoloji aspektlərin balanslı şəkildə inkişafını nəzərdə tutan və özündə Dayanıqlı İnkişaf Məqsədlərini ehtiva edən anlayış kimi cəmiyyətin inkişafında mühüm rol oynayır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən formalaşdırılan konsepsiyanın sosial-iqtisadi aspektləri özündə yoxsulluğun azaldılması, sosial bərabərliyin təmin edilməsi, inklüziv iqtisadi artımın dəstəklənməsi və digər məsələləri əhatə edir. Məqalədə məhz dayanıqlı inkişaf anlayışının nəzəri əsasları araşdırılmış, həmçinin sosial və iqtisadi aspektləri müfəssəl formada təhlil edilmişdir. Habelə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın təmin edilməsində dayanıqlı inkişaf konsepsiyasının rolu, ölkədə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə məlumatlar qeyd edilmiş və sosial-iqtisadi inkişafla əlaqəli real vəziyyəti əks etdirən statistik rəqəmlər əsasında qiymətləndirmə aparılmışdır. Bu qiymətləndirmənin nəticəsi əsas alınaraq gələcək inkişafla bağlı tövsiyələr verilmişdir.