Azərbaycanda bərk məişət tullantılarının həcmi urbanizasiyanın və çoxmənzilli yaşayış binalarının sayının çoxalması nəticəsində hər il artır. Hazırda maliyyə resurslarının məhdudluğu və əhali arasında tullantıların çeşidlənməsi ilə bağlı maarifləndirmənin zəif olması sektorun dayanıqlı inkişafının üzləşdiyi əsas çağırışlardandır. Bununla yanaşı tullantıların idarə olunması sistemi mərkəzləşmə və koordinasiya problemləri ilə üzləşir.
Bu məqalədə göstərilir ki, Azərbaycanda yalnız təkrar emala fokuslanmaq əvəzinə, tullantıların mənbəyində çeşidlənməsi, müasir poliqon texnologiyalarının tətbiqi, termal emal üsulları və tullantıların enerji və iqtisadi resursa çevrilməsi kimi inteqrasiya olunmuş və real həllər təklif olunur.
Göstərilir ki, modernizasiyanın əsas şərtlərinə sosial davranış modellərinin dəyişdirilməsi, rəqəmsal həllərin tətbiqi, “nə qədər tullantı, o qədər ödəniş” kimi tarif modellərinə keçid və vətəndaş iştirakçılığı daxildir. Bundan əlavə, dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan idarəetmə modeli və beynəlxalq maliyyə institutlarının dəstəyi tullantı sektorunun dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır.