Azərbaycan Respublikasında dövlətin dəstəyi ilə həyata keçirilən özünüməşğulluq proqramı ölkədə məşğulluq səviyyəsinin artmasına töhfə verir. Araşdırmalar göstərir ki, özünüməşğulluq proqramı işsizlik səviyyəsinin azaldılması, gəlir artımının təmin edilməsi, sahibkarlıq vərdişlərinin inkişaf etdirilməsi kimi meyarlar üzrə iqtisadi inkişafa səbəb olur. Bu məqalədə də müəllif özünüməşğulluq proqramının icrası ilə bağlı mövcud vəziyyəti təhlil edir və göstərir ki, 2017-2020-ci illərdə sözügedən proqrama cəlb edilən iştirakçıların sayında 12 dəfəyə qədər artım qeydə alınmışdır. Proqram çərçivəsində aktivlərin paylanılmasında bir sıra sosial prinsiplər prioritet götürülmüş və əhalinin sosial cəhət həssas hissəsinə, xüsusən də müharibə veteranlarına, şəhid ailələrinə, əlilliyi olanlara üstünlük verilmişdir.
Müəllif özünüməşğulluq proqramının həyata keçirildiyi Xorvatiya, Moldova, Argentina, İspaniya kimi ölkələrin təcrbəsini də öyrənmiş və onların Azərbaycanda tətbiqi imkanları ilə bağlı təkliflər vermişdir.