Məqalədə ərzaq təhlükəsizliyinin mahiyyəti və inkişafı məsələləri geniş tədqiq olunub. Ərzaq təhlükəsizliyi ilə bağlı BMT-nin və dünya dövlətlərinin çağırışları, bu istiqamətdə qəbul edilən sənədlər nəzərdən keçirilib. Müəllif ərzaq təhlükəsizliyinə keyfiyyətli ərzaq istehsalı kontekstindən yanaşıb. Məqalədə torpaqlardan səmərəli istifadə və suvarma texnologiyasının inkişafı istiqamətində ətraflı araşdırmalar aparılıb. Ərzaq təhlükəsiziyinə dair texnoloji həllər araşdırılıb, kənd təsərrüfatında suvarmanın mahiyyəti izah edilib və suvarmaya dair qabaqcıl beynəlxalq təcrübə tədqiq olunub. Müəllif məqalədə daha çox İsrail təcrübəsinə üstünlük verir və bunu qabaqcıl texnoloji üsul kimi izah edir. Məqalədə damcılı, ağıllı suvarma sistemləri, eləcə də yağış sularının anbarlaşdırılması məsələləri geniş tədqiq olunub. Müəllif su mənbəyi kimi yağış sularının emali və təkrar istifadəsi ilə bağlı sistemin təsvirini verir. Məqalədə geni dəyişdirilmiş məhsulların istehsalı məsələsi də nəzərdən keçirilir. Müəllifin fikrincə, geni dəyişdirilmiş növlər iqlim dəyişikliyi və kənd təsərrüfatı zərərvericilərinin yaratdığı bəzi aktual problemlərin həllini təklif edir və bununla da qlobal qida istehsalını gücləndirir. Məqalədə qeyd edilir ki, geni dəyişdirilmiş məhsulların ictimai sağlamlıq və ekoloji tarazlığa xələl gətirmədən ərzaq təhlükəsizliyinə müsbət töhfə verməsini təmin etmək üçün ciddi təhlükəsizlik qiymətləndirmələri və tənzimləyici çərçivələr vacibdir.