Sürətlə inkişaf edən dünyada rəqəmsallaşma artıq inkişaf və modernləşmənin sürətini ölçən meyar olaraq ön sıralarda yer tutur. Həyatımızın, bizi əhatə edən bütün sahələrin texnoloji yeniliklərlə inteqrasiyasını, başqa sözlə, qismən və ya tamamən rəqəmsallaşmasını görə bilirik. Rəqəmsallaşma iqtisadiyyatda da böyük dəyişikliklərə səbəb olmaqdadır. Belə ki, yeni termin olaraq istifadə olunan «rəqəmsal iqtisadiyyat» iqtisadiyyatın rəqəmsal biliklər və texnoloji yeniliklərə əsaslanan yeni formasıdır. Bu formalı iqtisadiyyat yüksək səviyyəli informasiya kommunikasiya texnologiyları (İKT) infrastrukturunu və onların istifadəçilərin xeyrinə mobilizasiyasını təmin edir. Həm vətəndaş cəmiyyəti, həm dövlət, həm də biznesləri əhatə edən bu sahə yeni rəqəmsal biliklər və bacarıqlar yaradır.
Bu tədqiqatda rəqəmsal iqtisadiyyat və onun ənənəvi iqtisadiyyatdan fərqi öyrənilmiş, dünya təcrübəsində rəqəmsallaşmanı inkişaf etdirən strateji kurs araşdırılmış və Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı və gələcək perspektivləri müəyyənləşdirilmişdir.