İqtisadi ədəbiyyatda dövlətin iqtisadi inkişaf üçün “böyük təkan”ı yaratmaq imkanlarına dair müxtəlif mülahizələr mövcuddur. Bu məsələ iqtisadi institutları formalaşma mərhələsində olan və təbii resurslarla zəngin olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatın məqsədi dövlətin büdcə xərcləri və emal sektorunun inkişafı arasında əlaqələri tədqiq etməkdir. 2005-2021-ci illəri əhatə edən tədqiqatda dövlətin investisiya və təhsil xərcləri, emal və digər sektorlarda real ÜDM üzrə dinamikanın müqayisəsi aparılmış, ən kiçik kvadratlar metodu ilə reqressiya tənliyi qurulmuşdur. Əldə edilən nəticələr dövlət xərclərinin emal sektoruna təsirinin arzu edilən səviyyədə olmadığını təsdiqləmişdir. Azərbaycanda dövlətin investisiya, təhsil və digər xərclərinin sürətlə artması fonunda ölkənin ixrac potensialına birbaşa təsir göstərməyən ticarət, təmir, tikinti, nəqliyyat, rabitə və digər sektorların (ixracı və idxalı fiziki baxımdan mümkün olmayan əmtəə və xidmətlərin istehsalçıları) emal sektoruna nisbətən daha yaxşı inkişaf etməsi faktı da dövlət xərclərinin emal sektorunun dəstəklənməsində o qədər də təsirli rol oynamadığını göstərir. Belə vəziyyətin yaranma səbəblərini müəyyən etmək üçün dövlət tənzimlənməsinin keyfiyyəti, dövlət və sahibkarlar arasında informasiya asimmetriyasının səviyyəsi, Azərbaycanın emal sektorunda sahibkarlıq motivasiyası, resurs əlçatanlığı, xarici rəqabət və digər amillərin tədqiqinə ehtiyac vardır.