Azərbaycanın qlobal innovasiya indeksində mövqeyi: güclü və zəif tərəflərin təhlili

Xülasə

Məqalədə Qlobal İnnovasiya İndeksinin hesablanmasında istifadə olunan indikatorlar üzrə Azərbaycan və postsovet ölkələrinin son illər üçün reytinq göstəriciləri araşdırılmış, bu ölkələrin innovasiya sisteminin güclü və zəif tərəfləri müəyyənləşdirilmişdir. Məqalədə aparılan təhlil göstərdi ki, Qİİ-nin hesablanmasında istifadə olunan indikatorların tərkibində hər il müəyyən dəyişikliklər baş verir və bu da öz növbəsində reytinq göstəricilərinə təsir göstərən amillərdən biridir. Belə nəticəyə gəlmək olur ki, Azərbaycanın Qlobal İnnovasiya İndeksi üzrə göstəricilərinin yaxşılaşdırılması üçün əsas amil hər iki tərəfdən ilk əvvəl dəqiq məlumatların vaxtında ötürülməsinin təmin olunmasıdır.
Ümumiyyətlə, Azərbaycanın Qİİ-də mövqeyinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Bu məqsədlə 81 indikator üzrə reytinq göstəricilər təhlil olunmalı, ən aşağı mövqedə qərarlaşan indikatorlar üzrə problemlər və onların həlli yolları müəyyənləşdirilməlidir.