Hazırda ölkəmizdə çoxsahəli islahatlar aparılmaqdadır. Aparılan islahatların başlıca hədəflərindən biri də ixracqabiliyyətli məhsul istehsalının dəstəklənməsi və yeni ixrac bazarlarına çıxaraq ölkəyə əlavə valyutanın cəlb olunmasıdır. Ölkə başçısının rəhbərliyi altında aparılan planlı və genişmiqyaslı islahatların nəticəsi olaraq ixrac coğrafiyamız genişlənmiş, ərsəyə gətirilən məhsul və xidmətlərin ənənəvi və yeni bazarlara çıxarılması imkanları yaradılmışdır. Ölkə ixracı üçün ənənəvi hesab olunan sənaye, qida və kənd təsərrüfatı sahələri ilə yanaşı, yaradıcı mədəniyyət sənayesi (YMS) məhsullarının da istehsalı və xarici bazarlara çıxarılması dəstəklənməkdədir. Bu məqsədlə müxtəlif dövlət proqramları qəbul olunaraq, yeni layihələr həyata keçirilir. Bu məqalədə YMS məhsullarının ölkə iqtisadiyyatı üçün və məşğulluq səviyyəsinin artırılması üçün əhəmiyyəti öyrənilərək, rəqəmsal transformasiya mühitində həmin məhsulların ixrac imkanları araşdırılır. Bununla yanaşı məqalədə sahənin mövcud vəziyyəti və problemləri araşdırılaraq sahənin inkişafı üçün təkliflər verilir.