2026-cı ildə Hörmüz boğazı ətrafında yaranmış geosiyasi gərginlik qlobal təchizat zəncirlərinin dayanıqlılığı ilə bağlı riskləri artırmış və alternativ Avrasiya nəqliyyat marşrutlarının əhəmiyyətini ön plana çıxarmışdır. Bu şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Azərbaycan seqmentinin əlavə tranzit tələbatını qarşılamaq potensialının qiymətləndirilməsi xüsusi aktuallıq kəsb etmişdir. Məqalədə kəskin tələb şoku şəraitində Azərbaycanın tranzit infrastrukturunun buraxılış qabiliyyəti və sistem dayanıqlılığı qiymətləndirilmişdir. Tədqiqatın fərziyyəsinə əsasən, Orta Dəhlizin Azərbaycan seqmentində əsas məhdudlaşdırıcı amil fiziki infrastrukturun nominal tutumu deyil, dəniz–dəmir yolu interfeysində formalaşan aşırma əməliyyatları və sərhəd-keçid prosedurlarının koordinasiyasıdır. Tədqiqatda 2019–2026-cı illər üzrə rəsmi statistik məlumatlar əsasında minimum həlqə prinsipi, buraxılış qabiliyyətindən istifadə əmsalı, Little düsturu və müəllif tərəfindən təklif edilən Absorbsiya Elastikliyi Göstəricisi tətbiq edilmişdir. Aparılmış hesablamalar göstərir ki, tələb şoku zamanı yük axınının artımı infrastruktur elementləri üzrə qeyri-bərabər paylanmış, ən yüksək sıxlıq dəniz–dəmir yolu inteqrasiya qovşaqlarında formalaşmışdır. Məqalədə ilk dəfə olaraq Orta Dəhliz üçün Dəhliz Dayanıqlılıq İndeksi (Corridor Resilience Index) hesablanmış və 2030-cu ilədək baza, optimist və pessimist inkişaf ssenariləri üzrə qiymətləndirmələr təqdim edilmişdir. Əldə olunan nəticələr Azərbaycanın tranzit siyasətində prioritet investisiya istiqamətlərinin müəyyənləşdirilməsi və Orta Dəhlizin institusional dayanıqlığının gücləndirilməsi baxımından praktik əhəmiyyət daşıyır.