Bu məqalədə 1995-2022-ci ili əhatə edən dövrün zaman sırası məlumatları əsasında əməkhaqqı, təhsil xərclərinin ÜDM-də payı və əmək bazarında iştirak payının əmək məhsuldarlığına təsiri araşdırılmışdır. Avtoreqressiv paylanmış gecikmə (ARDL) modeli tətbiq edilməklə dəyişənlər arasında qısa və uzunmüddətli əlaqələr yoxlanılmışdır. Model nəticələri göstərir ki, əmək məhsuldarlığı ilə təhsil xərcləri arasındakı qısamüddətli əlaqə neqativdir. Dəyişənlər arasında uzunmüddətli əlaqənin statistik əhəmiyyətli olduğu müəyyən edilmişdir. Əsas izahedici dəyişən olan təhsil xərcləri ilə əmək məhsuldarlığı arasında uzunmüddətli dövrdə də mənfi əlaqə mövcuddur. Bu, xərcləmələrin effektiv olmaması, təhsildə əldə olunan bacarıqların əmək bazarı ilə uyğunsuzluğu, təhsilin keyfiyyətinin və təhsilin gəlirliliyinin aşağı olması və bir çox digər amillərlə əlaqəli ola bilər.