Dördüncü Sənaye İnqilabının məşğulluğa təsirləri

Xülasə

Sənaye inqilablarının hər biri bir çox sektorlarda dəyişikliklərin müşahidə edilməsi ilə nəticələnmişdir. Dördüncü Sənaye İnqilabında da gedən proseslər iqtisadi-sosial həyatda dəyişikliklər etdiyi kimi məşğulluq imkanlarının və əmək bazarının transformasiyasına səbəb olacaqdır. Bununla bağlı bir-birinə zidd olan iki hipotez var. Birinci hipotezə görə, Dördüncü Sənaye İnqilabında robotların istehsal prosesində və xidmət sektorunda aktiv iştirakı texnoloji işsizliyə səbəb olacaq və bir çox peşələr tarix səhnəsindən silinəcək. İkinci hipotez isə texnoloji tərəqqinin ortadan qalxan peşələrlə paralel olaraq yeni peşələrin yaranmasına səbəb olacağını, əməyin formasının dəyişəcəyini, işçi qüvvəsinin kvalifikasiya səviyyəsinin artacağını, robotların insanları əvəz etməsi ilə rentabelliyin və insanların rifah səviyyəsinin yüksələcəyi arqumentini irəli sürürlər. Bu araşdırmada sənaye inqilablarının tarixinə nəzər salınmış, Dördüncü Sənaye İnqilabının məşğulluq imkanlarına olan təsirləri təhlil edilmiş və Azərbaycanda bu kontekstdə görülməsi zəruri olan tədbirlərlə bağlı təkliflər verilmişdir.