Beyin mərkəzlərinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafında rolu son dövrlər nəzərə çarpacaq dərəcədə artmaqdadır. Bunun isə əsas səbəbi Böyük Verilənlərin (Big Data) toplanması, saxlanması və analitikasının aparılması üçün yeni texnoloji yeniliklərin dinamik şəkildə inkişaf etməsidir. Bu gün beyin mərkəzləri, iqtisadi və sosial siyasətlərin qəbul edilməsi prosesini təkmilləşdirir, eyni zamanda regional və beynəlxalq şəbəkələr yaradır ki, bu da sosial-iqtisadi inkişafa öz töhfəsini verir. Dünyanın beyin mərkəzləri qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri, beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və cəmiyyət kimi mühüm siyasət sahələrində bilik və siyasət arasında körpü yaratmağa kömək edir və bu istiqamətdə qlobal təşəbbüslər hazırlayır. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin bir sıra əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır ki, bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı Böyük Verilənlər və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və aparılan araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.