Ticarət anlayışı beynəlxalq iqtisadi əlaqələrin və iqtisadi inkişafın təməl prinsiplərindən biridir. Zamanla ticarətin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Məşhur iqtisadçılar və tədqiqatçılar belə düşünür ki, azad ticarət beynəlxalq əlaqələri yaxşılaşdırmaqla yanaşı, ölkə və dünya iqtisadiyyatına müsbət təsirlər göstərir. Məhz 20-ci əsrin ortalarından etibarən ticarətin dünya iqtisadiyyatında rolu artmışdır. Tariflər və Ticarət üzrə Baş Sazişin yaradılması, daha sonra Ümümdünya Ticarət Təşkilatı ilə əvəz olunması qlobal ticarət həcmini dəfələrlə böyütmüş, regionların inkişafına, istehsalda diversifikasiyaya müsbət təsirlər göstərmişdir. Lakin, hər bir ölkənin iqtisadi modeli, inkişaf səviyyəsi və resurslarının fərqli olduğunu nəzərə alsaq, ticarətin liberallaşdırılması hər ölkəyə fərqli təsir göstərə bilər. Bu məqalədə müxtəlif ölkələrdə aparılan tədqiqatları təhlil edilmiş, Azərbaycanda ticarətin liberallaşdırılması ilə bağlı atılan addımları və onun qeyri-neft sektoruna təsiri araşdırılmışdır.