Azərbaycanda yaşıl istiqrazlar: bərpaolunan enerjinin maliyyələşdirilməsi və dövlət borcunun idarə edilməsi

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Məqalədə 2026–2030-cu illərdə suveren yaşıl istiqrazlardan Azərbaycanda bərpaolunan enerjinin maliyyələşdirilməsində istifadə imkanları dövlət borcunun idarə edilməsi baxımından qiymətləndirilir. Borc dinamikası modeli Maliyyə Nazirliyinin ortamüddətli proqnozlarına uyğunlaşdırılıb, neft-qaz gəlirləri və Dövlət Neft Fondundan transfertlər modeldə ayrıca nəzərə alınıb. Bundan əlavə, manatın müxtəlif səviyyələrdə ucuzlaşması, neft qiymətinin enməsi və dövlət zəmanətli borcun büdcəyə keçməsi ssenariləri, greenium üzrə başa-baş hesabı və ödəmə müddəti təhlili aparılıb. Rəsmi baza ssenaridə 2030-cu ildə dövlət borcu ÜDM-in 20,4%-i olur. 0,5–3,0 mlrd ABŞ dolları həcmində əlavə yaşıl istiqraz bu göstəricini 21,0–23,7%-ə qaldırır, vəsait artıq planlaşdırılmış xərclərə yönəldildikdə isə borc yükü demək olar ki, dəyişmir. Ayrı-ayrı şoklarda 3 mlrd dollarlıq istiqraz proqramı belə borcun 30%-lik yuxarı həddi keçməsinə səbəb olmur. Bir neçə şok eyni vaxtda baş verdikdə isə borc yükü istiqraz buraxılmadan da 31,6%-ə çatır, xarici valyutada 3 mlrd dollarlıq istiqraz onu 36,1%-ə qaldırır. Deməli, əsas risk alətin özündə deyil, fiskal və xarici şokların üst-üstə düşməsindədir; xarici valyutada iri həcmli borclanma isə bu riski artırır. İnkişaf etməkdə olan bazarlar üçün qiymətləndirilən greenium əlavə xərcləri ödəyir, lakin illik qənaət kiçikdir. Daha mühüm fayda dövlət istiqrazlarının orta ödəmə müddətinin 4,0 ildən 4,5–6,0 ilə qədər uzanmasıdır. Nəticələr 1,0–1,5 mlrd dollar həcmində, ən azı yarısı manatla olan mərhələli proqramın, borc yükü 25%-i keçdikdə yeni buraxılışların dayandırılmasının və zəmanətli borcun büdcə qaydasında nəzərə alınmasının məqsədəuyğun olduğunu göstərir.