Bu məqalə Azərbaycanın ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsindəki qlobal öhdəliklərinə, xüsusilə COP 28 və COP 29 çərçivəsində həyata keçirdiyi tədbirlərə fokuslanır. Azərbaycanın ekoloji sahədə atdığı mühüm addımlar arasında işğaldan azad olunmuş ərazilərdə zərərli maddələrin təmizlənməsi, meşə fondunun bərpası, çirklənmiş su mənbələrinin təmizlənməsi və ekoloji tarazlığın bərpası üçün görülən digər tədbirlər yer alır. Bu tədbirlər həmçinin məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etmək məqsədi daşıyır.
Məqalədə həmçinin, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafına yönəlmiş layihələr və "yaşıl enerji"nin ixracını genişləndirməyə dair təşəbbüslər müzakirə edilir. Elektrikli avtomobillərlə yenilənən nəqliyyat parkı, istifadə müddəti bitmiş avtomobillərin utilizasiyası və təkmilləşdirilən yol infrastrukturu ilə karbon emissiyalarının azaldılması məsələləri də diqqətə alınır.
Azərbaycanın iqtisadiyyatının diversifikasiyası çərçivəsində turizm və ekoloji təmiz kənd təsərrüfatı sahələrinin inkişafı, müasir texnologiyalarla minaların təmizlənməsi və biomüxtəlifliyin qorunması üzrə tədbirlər, həmçinin Balaxanı Tullantıların Təkrar Emalı Zavodunda tullantıların idarə edilməsi və utilizasiyası layihələri, ölkənin ekoloji risklərin azaldılmasına olan sadiqliyini nümayiş etdirir.
Nəticədə, Azərbaycan ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və qlobal iqlim hədəflərinə töhfə verilməsi istiqamətində ciddi təşəbbüslər göstərmişdir. Bu tədbirlər ölkəmizin dayanıqlı inkişaf sahəsində regional lider kimi rolunu bir daha təsdiq edir