Ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyətinin artırılmasında differensial əməkhaqqı sistemlərinin əhəmiyyəti

Çapdan qabaq
Məqaləni yüklə

Xülasə

Ali təhsil sahəsində artan rəqabət son illərdə bir çox tədqiqatçıların diqqət mərkəzinə çevrilmiş və tələbə sayının artırılması, elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi, tədqiqat fondlarının əldə edilməsi, ixtisaslı professor-müəllim heyətinin cəlb edilməsi istiqamətdə müxtəlif araşdırmalar aparılmışdır. Cari araşdırmada ali təhsil müəssisələri arasında rəqabətin mühüm tərkib hissəsi olan elmi-tədqiqat fəaliyyəti məsələsinə diqqət çəkilmiş və bu fəaliyyətin stimullaşdırılmasında müəssisədaxili idarəetmənin əsas tənzimləmə aləti olan differensial əməkhaqqı sistemlərinin  əhəmiyyəti vurğulanmışdır. Tədqiqat zamanı differensial əməkhaqqı sisteminin ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətlərinə, professor müəllim heyətinin peşəkar inkişafına və ümumi akademik mühitə təsir etməsi müxtəlif nəzəriyyələr və araşdırmalar əsasında təhlil edilmişdir. Belə ki, tədqiqat daha çox müşahidə əsaslı yanaşmaya uyğun olduğu üçün araşdırma zamanı əvvəlki tədqiqatlardan əldə olunmuş nəticələr və mühakimələr nəzərə alınmış, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin mili və qlobal rəqabət mühitində əhəmiyyəti öyrənilmiş,  ədəbiyyat araşdırması aparılmış və ali təhsil sistemində elmi-tədqiqat fəaliyyətinə ayrılan xərclərə, o cümlədən ali təhsil müəssisələri üzrə nüfuzlu elmi bazalarda yer alan tədqiqatların say göstəricilərinə dair məlumatlar təhlil edilmişdir. Nəticə olaraq müəyyən olunmuşdur ki, daxili xərclərin əhəmiyyətli hissəsini təşkil edən əməkhaqqı xərclərinin effektivliyinin artırılmasında differensial əməkhaqqı sistemləri xüsusi əhəmiyyət kəsb etməkdədir.