Artan enerji istehlakı və sənaye fəaliyyətləri ilə atmosferə buraxılan karbon dioksid (CO2) emissiyaları, müasir dövrün ən ciddi ekoloji problemlərindən biri halına gəlmişdir. Bu məqalədə karbon emissiyalarının azaldılması və davamlı inkişafın təmin edilməsi üçün effektiv yanaşmaların inkişaf etdirilməsi üzrə Azərbaycanda mövcud vəziyyət müzakirə edilərək karbon ayaq izinin idarə olunması üzrə müvafiq strategiyalar təklif edilir. İqtisadiyyat və ətraf mühit arasındakı qarşılıqlı əlaqəni araşdıraraq, Azərbaycanın CO2 emissiyasının idarə olunmasına dair daha təsirli siyasətlərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədqiqat çərçivəsində 1990-2023-cü illər üzrə qurulmuş ekonometrik modelin nəticlərinə görə, Azərbaycan iqtisadiyyatı böyüdükcə adambaşına düşən CO2 emissiyası artmağa meyllidir və bu artan sənaye fəaliyyəti, enerji istehlakı və iqtisadi artıma səbəb olan digər amillərlə bağlı ola bilər. Əhalinin artımı ilə adambaşına düşən CO2 emissiyaları arasında müsbət uzunmüddətli əlaqənin varlığı isə daha yüksək ümumi enerji istehlakı, mal və xidmətlərə daha çox tələbat və artan əhali ilə bağlı artan nəqliyyat ehtiyacları ilə bağlı ola bilər. İqtisadi artımla CO2 əlaqəsinin hələ də güclü olması inkişafda olan ölkə kimi Azərbaycan iqtisadiyyatı üçün Kuznets əyrisinin keçərliliyini demək hələ tezdir.